“Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə IV kurs tələbələrinin istehsalat təcrübəsinin yekun iclası keçirilib

Baxış sayı : 12

     Mayın 22-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə IV kurs tələbələrinin Dövlət Arxivində keçdikləri istehsalat təcrübəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

      Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov istehsalat təcrübələrinin gənclərin peşəkar bilik və bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, bu cür tədbirlərin tələbələrin gələcək fəaliyyətində xüsusi əhəmiyyət daşıdığını bildirib və onlara uğurlar arzulayıb.

       Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdirləri Zülfiyə İsmayılova, Türkay Həsənova, Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Qadir Ələkbərov və IV kurs tələbəsi Sunay Məmmədova çıxış ediblər.

       Məruzələrdə arxiv işinin müasir cəmiyyətin sosial-mədəni həyatındakı əhəmiyyəti, tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi və istehsalat təcrübəsinin gələcək ixtisaslı kadrların hazırlanmasındakı rolu diqqətə çatdırılıb.

     Sonda idarə rəhbərliyi tərəfindən tələbələrə xasiyyətnamələr təqdim olunub. Tələbələr də yaradılan şəraitə və göstərilən diqqətə görə rəhbərliyə və əməkdaşlara öz təşəkkürlərini bildiriblər.

        Tədbir xatirə fotoları ilə sona çatıb.