Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində maarifləndirici tədbir keçirilib

Baxış sayı : 28

     Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları, dəm qazı təhlükəsindən qorunmanın yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.

     Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

     Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Şahin Əliyarov çıxış edərək fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının, əməkdaşların maarifləndirilməsinin və mümkün təhlükələrin qarşısının alınmasının vacibliyini vurğulayıb.

     Daha sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin Hərbi, döyüş və xüsusi xilasetmə hazırlığı şöbəsinin baş inspektoru, daxili xidmət mayoru Mircamal Seyidov mövzu ilə bağlı çıxış edib.

     Çıxış zamanı fövqəladə hallar zamanı davranış qaydaları, zəlzələ və yanğın hadisələri zamanı təhlükəsizlik tədbirləri, qaz və elektrik cihazlarından düzgün istifadə, dəm qazı təhlükəsindən qorunma yolları barədə ətraflı məlumat verilib.

     Tədbir çərçivəsində zəlzələ və yanğın zamanı davranış qaydalarını, dəm qazının yaratdığı təhlükələri və yanğınsöndürən balonlardan istifadə üsullarını əks etdirən maarifləndirici videoçarxlar nümayiş etdirilib.