Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr mövzusunda tədbir keçirilib

Baxış sayı : 4

     Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr mövzusunda Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi və YAP Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

     Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

     Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov çıxışında Yeni Azərbaycan Partiyasının VIII qurultayının ölkənin ictimai-siyasi həyatında əhəmiyyətini vurğulayıb. O, qurultayda müəyyənləşdirilən strateji hədəflərin, dövlətçilik prinsiplərinin və milli maraqların qorunmasının vacibliyini diqqətə çatdırıb. Həmçinin qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində hər bir vətəndaşın məsuliyyətindən, fəallığından və təşəbbüskarlığından bəhs edib.

     Daha sonra Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin baş məsləhətçisi, YAP Naxçıvan şəhər təşkilatı üzrə ərazi partiya təşkilatının sədri Cəfər Məmmədhəsənov və Arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya şöbəsinin müdiri, YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü Nilufər Ağayeva çıxış ediblər.

     Çıxışlarda Yeni Azərbaycan Partiyasının VIII qurultayının çağırışları və missiyası, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursun əhəmiyyəti, ölkəmizin davamlı inkişafı, milli həmrəyliyin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin qorunması məsələləri diqqət mərkəzində olub. Qeyd edilib ki, qurultayda qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılması partiya üzvlərindən yüksək məsuliyyət, prinsipiallıq və fəal vətəndaş mövqeyi tələb edir və belə tədbirlərin keçirilməsi qurultayda müəyyənləşdirilmiş vəzifələrin kollektivlər arasında müzakirəsinə, partiya üzvlərinin siyasi maarifləndirilməsinə və qarşıda duran hədəflərin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə xidmət edir.

 

     Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.