Naxçıvan muxtariyyətini yaradan tarixi şərait

Baxış sayı : 32
image

“Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət idi.”

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli lideri

Naxçıvanın muxtariyyət statusu qazanması çox çətin və mürəkkəb mübarizənin, o cümlədən ayrı-ayrı görkəmli şəxsiyyətlərin diplomatik səyləri nəticəsində mümkün olmuşdur.

Rusiyada çarizm devrildikdən sonra əksər vilayətlərdə olduğu kimi, Naxçıvan bölgəsində də ikihakimiyyətlik meydana gəlmiş və bu şəraitdən istifadə edən kapitalist dövlətləri Azərbaycanın tərkib hissəsi sayılan Naxçıvan diyarını ələ keçirmək fikrinə düşmüşlər.

Bölgədə yaranmış bu çətin vəziyyətdən xüsusilə erməni daşnakları daha çox bəhrələnmək fikrinə düşmüş və özlərinin “Böyük Ermənistan” yaratmaq kimi mənfur planlarını həyata keçirmək məqsədilə dəridən-qabıqdan çıxırdılar.

1918-ci ilin yayında üzdəniraq general Andranik başda olmaqla mənfur erməni dəstələri Araz çayını keçərək Yaycı kəndinə soxulmuş, yerli əhaliyə dəhşətli divan tutaraq kəndi tarmar etmişlər. Bundan sonra Çeşməbasar və Güznüt kəndlərinə daxil olmuş, oradan Nehrəm kəndinə hücum etmişlər. Nehrəmlilərin ciddi müqavimətinə rast gələn daşnaklar Naxçıvan şəhərinə yürüş etmiş, şəhəri mühasirədə saxlasalar da, ora daxil ola bilməmişlər. Naxçıvan xalqının inadcıl müqaviməti və Türkiyə dövlətinin qətiyyətli mövqeyi daşnakların və onların havadarlarının planlarını alt-üst etmişdir.

1919-cu ilin yanvarında Naxçıvan ingilislər tərəfindən işğala məruz qaldı. 1919-cu il mayın 3-də Naxçıvan bölgəsini müvəqqəti olaraq Ermənistana vermək planları ortaya atıldı ki, bu da bölgədə kəskin narazılıq yaratdı. Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X.Təkinski erməni qoşunlarının Naxçıvana müdaxiləsi ilə bağlı Ermənistan hökumətinə göndərdiyi 3 may 1919-cu il tarixli notasında Azərbaycan hökumətinin mövqeyini əks etdirirdi: “Mənim hökumətimin tapşırığı ilə mən Ermənistan Respublikası qoşunlarının Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan rayonuna göndərilməsinə qarşı öz etirazımı bildirirəm”.

Bütün bunlara baxmayaraq ermənilər Azərbaycanın bir sıra bölgəsinə sahib yiyələnmək üçün daim planlar hazırlamış və bu planların həyata keçməsində bolşevik partiyası onların ən yaxın köməkçisi olmuşdur. Nəticədə bolşevik işğalından sonra ermənilərin torpaq iddiaları daha da güclənmiş, bu dəfə Azərbaycan Zəngəzur mahalını itirməli olmuşdur. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.

Naxçıvan diyarınınn əhalisi Azərbaycanın tərkibində muxtariyyət tələb edirdi. Qeyd etməliyik ki, Naxçıvan diyarının muxtariyyət təşkil etməsi bölgənin ərazi mövqeyi ilə bağlı idi. Çünki üç tərəfdən Ermənistanla sərhəd olması Naxçıvanı Azərbaycanın digər torpaqlarından ayırırdı. Həmçinin o, cənubda və cənub-qərbdə İran və Türkiyə ilə həmsərhəd idi.

Naxçıvan diyarının tarixi taleyini, yəni Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq statusunu Moskva və Qars müqavilələri reallaşdırdı. Bu müqavilələrlə Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanımış və ona beynəlxalq hüquqi təminat vermişdir.

1921-ci il martın 16-da Moskvada imzalanan Sovet-türk müqaviləsi Naxçıvanın statusu məsələsinə aydınlıq gətirdi. Müqavilənin 2-ci maddəsində göstərilir ki, “Naxçıvan ərazisi Azərbaycanın tərkibində qalmaq şərti ilə Naxçıvan Sovet Sosialist Respublikası təşkil edilə bilər”.

Müqavilənin 3-cü maddəsində isə deyilir: “Bu müqavilə Naxçıvan SSR-in Azərbaycanın himayəsində muxtariyyət hüququnda təşkil edilməsi, Azərbaycanın bu ərazisinin üçüncü bir dövlətin himayəsinə verilməməsi şərti ilə bağlanır”.

Naxçıvanın ərazi bütövlüyünün qorunması və möhkəmləndirilməsi, onun muxtariyyət statusunun dönməz xarakterinin təsbit edilməsində 26 sentyabr-13 oktyabr 1921-ci ildə 18 gün davam edən məşhur Qars müqaviləsinin böyük rolu olmuşdur. Konfransda Azərbaycanı Behbud ağa Şahtaxtinski təmsil etmiş və Naxçıvanın muxtariyyət məsələsinin həllində bu siyasətçinin böyük rolu olmuşdur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev demişdir: “Naxçıvanın statusunun beynəlxalq müqavilələrdə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir. Azərbaycanın ovaxtkı hökuməti çox ciddi mövqe göstərərək Naxçıvanın statusunu müəyyən etmiş və Naxçıvana müxtariyyət verilməsi haqqında qərar qəbul etmişdir. Bəli, o vaxt o insanlar çox milli qürurlu insanlar olublar”.

Naxçıvan diyarının muxtariyyət statusu bir neçə mərhələdən ibarət olmuşdur. 1921-ci il martın 16-da Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-də isə Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmiş Naxçıvan MSSR haqqında Əsasnamənin qəbulu ilə başlanmışdır. Bununla da, Naxçıvan özünün qanunverici orqanları, icra hakimiyyəti olan muxtar quruma çevrilmişdir. Bu isə 1926-cı il aprelin 18-də V Ümumnaxçıvan Sovetlər Qurultayında qəbul edilən Naxçıvan MSSR-in birinci Konstitusiyasında hüquqi cəhətdən təsbit olunmuşdur. Konstitusiyanın 15-ci maddəsinin “b” bəndinə əsasən Naxçıvan Sovetlər Qurultayı və Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi yalnız Naxçıvan MSSR-in daxili siyasətinə rəhbərliyi müstəqil həyata keçirmək siyasətində olduğu təsbit edilmişdir.

Ümummilli Liderimiz Heydər Əliyev bütün dövrlər üçün Naxçıvanın muxtariyyət statusunun zəruriliyini əsaslandırmaqla yanaşı, muxtar respublikanı daim diqqət mərkəzində saxlamış, ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra da onun diqqət və qayğısı nəticəsində respublikamız daha da inkişaf etmiş və bu gün özünün ən yüksək zirvəsinə çatmışdır.

Naxçıvanın muxtariyyəti məsələsinə böyük qiymət verən görkəmli dövlət xadimi demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətimizdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Zülfiyə İSMAYILOVA

Naxçıvan MR Dövlət Arxivinin şöbə müdiri, Naxçıvan MR Əməkdar mədəniyyət işçisi