Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov çıxış edərək 27 Sentyabr – Anım Gününün xalqımızın tarixindəki əhəmiyyətindən, Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin daim əziz tutulmasının vacibliyindən danışıb.
Tədbirin davamında Kəngərli Rayon Dövlət Arxivinin müdiri Bayandur Əlisoy, Arxiv fondlarının və kino-foto sənədlərinin mühafizəsi şöbəsinin müdiri Türkay Həsənova, Dövlət arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya şöbəsinin aparıcı arxeoqrafı Rəfael Sadıqov çıxış ediblər. Çıxışlarda 27 Sentyabr – Anım Gününün tarixi və mənəvi əhəmiyyətindən, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın şərəfli həyat və döyüş yolundan, onların Vətən qarşısındakı misilsiz fədakarlıqlarından bəhs olunub.
Tədbirdə şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi, onların göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə örnək olaraq yaşayacağı vurğulanıb.