Naxçıvan Dövlət Universiteti rəhbərliyinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə ziyarəti baş tutub

Baxış sayı : 196

        Aprelin 1-də Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində olmuşdur. Ziyarətin əsas məqsədi həm universitet tələbələrinin idarədə keçdikləri istehsalat təcrübəsi ilə yaxından tanış olmaq, həm də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirmək olmuşdur.

        Görüş zamanı rektor idarənin fəaliyyəti, xüsusilə arxiv işi və sənədlərin qorunması, sistemləşdirilməsi istiqamətində görülən işlərlə tanış olmuşdur. Bildirilmişdir ki, hazırda universitetin buraxılış kursunda təhsil alan Tarix (əyani) ixtisası üzrə tələbələri idarədə istehsalat təcrübəsi keçir. Onlar idarənin müxtəlif şöbələrində sənədlərin qəbulu, qeydiyyatı, təsnifatı, saxlanılması, elektronlaşdırılması kimi proseslərlə yaxından tanış olur, arxiv işinin əsas istiqamətləri üzrə praktiki bilik və bacarıqlar əldə edirlər.

        Eyni zamanda qeyd olunmuşdur ki, məzunlardan biri – Sadiqov Rəfael Ramin oğlu Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlanmış müddətli əmək müqaviləsi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində əmək fəaliyyətinə cəlb edilmişdir.

        Rektor tələbələrin praktiki biliklərinin artırılması baxımından bu cür əməkdaşlığın əhəmiyyətini vurğulamış, xüsusilə Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr üçün bu təcrübənin onların gələcək peşə fəaliyyətlərinə hazırlığında, həmçinin tələbələrin arxiv sənədləri ilə birbaşa işləmələrinin, sənədlərin düzgün qorunması, elmi təsnifatı qaydalarınının öyrənilməsinin peşəkar vərdişlərin formalaşdırılmasında və ixtisas üzrə real iş mühitinin yaxından mənimsənilməsində mühüm rol oynadığını qeyd etmiş, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirmişdir.

        Sonda qarşılıqlı fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.