Aprelin 10-da Milli Arxiv İdarəsində dövlət arxiv xidməti təşkilatlarının 2025-ci il üzrə fəaliyyətinin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclasda Kollegiya üzvləri, Milli Arxiv İdarəsinin əməkdaşları, Respublika Dövlət Arxivləri, onların filialları və rayon dövlət arxivlərinin rəhbər və məsul şəxsləri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar Milli Arxiv İdarəsi və Dövlət Elm və Texnika Sənədləri Arxivi tərəfindən hazırlanmış “Azərbaycanın memarlıq inciləri arxiv sənədlərində” adlı sərgi ilə tanış olublar.
Kollegiya iclası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İclasda giriş nitqi ilə çıxış edən Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov gündəlik məsələləri iştirakçıların diqqətinə çatdırıb. O, “Azərbaycanda arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” çərçivəsində həyata keçirilmiş tədbirlər, eləcə də sahə üzrə yeni qanunvericilik aktlarının tətbiqi barədə məlumat verib.
Daha sonra İdarə rəisinin müavini Həsən Həsənov dövlət arxiv xidməti təşkilatlarının 2025-ci ildəki fəaliyyətinə dair geniş məruzə ilə çıxış edib. Məruzədə arxivlərin komplektləşdirilməsi, sənədlərin uçotu və mühafizəsi, onlardan istifadə imkanları, rəqəmsallaşdırma prosesi, beynəlxalq əməkdaşlıq, kadr hazırlığı və ixtisasartırma sahəsində görülmüş işlər ətraflı şəkildə təqdim olunub.
Müzakirələr zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov, Dövlət Səs Yazıları Arxivinin direktoru Vüsal Məmmədov, Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədova, Ucar Rayon Dövlət Arxivinin müdiri Abutalıb Mikayılov və digər çıxış edənlər rəhbərlik etdikləri qurumlarda görülmüş işlər, mövcud problemlər və onların həlli yolları ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
İclasın sonunda Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov yekun nitqlə çıxış edərək qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb və arxiv xidməti əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Kollegiya iclası müvafiq Qərarın qəbul olunması ilə başa çatıb.