“Komanda ruhu və effektivlik platforması” mövzusunda seminar keçirilib

Baxış sayı : 164

          Martın 13-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində kollektivdə əməkdaşlıq mühitinin gücləndirilməsi və iş prosesində effektivliyin artırılması məqsədilə seminar keçirilib. Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Şahin Əliyarov keçirilən seminarın əhəmiyyətindən bəhs edib.

          Seminar zamanı çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşı Xəyalə Həsənova tərəfindən mövzu ilə bağlı slayd təqdimatı formatında iştirakçılara ətraflı məlumat təqdim edilib, komandanın fəaliyyətinə mənfi təsir göstərən amillər geniş şəkildə izah olunub, komanda daxilində qarşılıqlı etimadın və əməkdaşlığın zəifləməsinə səbəb olan faktorlar müzakirə edilib. Eyni zamanda, güclü və dayanıqlı komanda ruhunun formalaşmasında mühüm rol oynayan əsas sütunlar iştirakçıların diqqətinə çatdırılıb.

          Tədbirdə effektiv ünsiyyətin formalaşdırılması, komanda üzvləri arasında açıq və konstruktiv kommunikasiya mühitinin yaradılması, fikir mübadiləsinin düzgün təşkili kimi vacib məqamlar da xüsusi olaraq vurğulanıb.

          Seminar iştirakçıların marağı ilə qarşılanıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb