İyunun 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 2026-cı il İş Planına uyğun olaraq “Arxiv sənədlərindən istifadə və vətəndaş müraciətlərinin cavablandırılması” mövzusunda seminar təşkil edilib.
Seminarda Dövlət Arxiv İdarəsinin, Dövlət Arxivinin əməkdaşları və rayon dövlət arxivlərinin müdirləri iştirak ediblər.
Seminarı açıq elan edən Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Şahin Əliyarov mövzunun aktuallığını önə çəkərək Dövlət Arxivində və rayon dövlət arxivlərində arxiv fondu sənədlərindən istifadənin hazırda arxiv işinin əsas aparıcı sahəsi olduğunu qeyd etdi. Bildirildi ki, arxiv sənədləri əsasında dövlət qurumlarının müraciətlərinin, hüquqi və fiziki şəxslərin, vətəndaşların sosial-hüquqi və digər qanuni mənafelərinin təmin edilməsi məqsədilə onların hüquqmüəyyənedici arxiv sənədləri ilə təmin edilməsi arxiv işinin mühüm bir hissəsidir.
Mövzu üzrə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin aparıcı məsləhətçisi Şamxal Məmmədov tərəfindən arxiv sənədləri əsasında dövlət qurumlarının müraciətlərinin, hüquqi və fiziki şəxslərin hüquqmüəyyənedici arxiv sənədləri ilə təmin edilməsi zamanı qanunvericiliyin tələbləri, daxil olan sorğuların qeydiyyatı və icrası haqqında ətraflı məlumat verilib.
Seminar sual - cavab formatında davam etdirilib.