“Ümummilli lider Heydər Əliyev Naxçıvanı işğaldan qorudu”

Baxış sayı : 14
image

     “...Gərək hər bir rəhbər adam belə hesab etsin ki, onun borcu xalqının, öz torpağının, rəhbərlik etdiyi vilayətin, respublikanın müqəddəsliyinin keşiyində durmaqdır. Demək, özünü bir kənara qoymalısan, öz şəxsi arzularından əl çəkməlisən, özünü ancaq bu işə sərf etməlisən”.

      Ulu öndər Heydər Əliyev məhz bu müdrik fikrinin işığında muxtar respublikanın o zamankı ağır vəziyyətində soyuq iş otağında xalq və dövlət üçün çalışmağın, bu yolda fədakarlıq göstərməyin real nümunəsini yaratmış, müstəqilliyimizin təməl daşları həmin dövrdə Naxçıvanda qoyulmuşdur.

    Ümummilli lider hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq, daim Vətənini və xalqını düşünmüş, son dərəcə böyük, taleyüklü məsələlərin öhdəsindən məharətlə gəlmişdir. O, həmişə ulu Naxçıvanın yüksəlişi və tərəqqisi naminə xüsusi səy göstərmişdir. Dövlət təhlükəsizlik orqanlarında işləyəndə də. Azərbaycanı geniş miqyaslı tərəqqiyyə qovuşdurduğu ilk rəhbərliyi dövründə də, o zamankı SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində olanda da, müstəqil Azərbaycanın Prezidenti kimi böyük xilaskarlıq və quruculuq missiyasını hərtərəfli şəkildə reallaşdıranda da ümummilli liderimiz Naxçıvanı bir an belə unutmamış, muxtar respublikanın inkişafı üçün çoxşaxəli tədbirlər həyata keçirmişdir. Bu baxımdan görkəmli dövlət xadiminin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər xüsusi əhəmiyyətə malikdir.

   Respublikanın ərazisi 1988-ci ildən başlayaraq, erməni diasporu və lobbisi tərəfindən müdafiə olunan və silahlandırılan, Moskvanın himayədarlığından hər vasitə ilə istifadə edən erməni silahlı quldur dəstələrinin basqınlarına məruz qalmışdır. Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirən yeganə avtomobil yolu kəsilmiş, dəmir yolunda tez-tez təxribatlar törədilmiş, qatarlar daşa, gülləyə tutulmuş, yollar və körpülər partladılmış, respublika üçün nəzərdə tutulan ərzaq və yüklər talan edilmişdir.

     Həmin vaxt Naxçıvan son dərəcə çətin bir şəraitdə yaşayırdı. Bir tərəfdən, iqtisadiyyat dağılaraq tamamilə iflic vəziyyətinə düşmüş, əhalinin maddi durumu kritik həddə yuvarlanmışdı, siyasi burulğanlar, hərc-mərclik burada da baş alıb gedirdi. Digər tərəfdən isə, xain ermənilərin aramsız hücumları bölgədəki ağır situasiyanı daha da mürəkkəbləşdirmişdi. Ərazidəki hərbi hissələrin liberal mövqe tutması və təcavüzkarı dəf etməkdən qəti boyun qaçırması muxtar respublikanın milis orqanlarını və əhalisini öz torpaqlarını qurumaq kimi çətin və məsuliyyətli bir işə başlamağa vadar etmişdir. Bütövlükdə əraziyə edilən erməni basqınları nəticəsində 12 nəfər, o cümlədən 2 uşaq həlak olmuşdur. Sovet ordu hissələrinin belə münasibəti nəticəsində Kərki kəndi işğal edilmiş, Sədərək, Şada, Gərməçataq və Havuş kəndlərində evlər dağıdılmış və yandırılmışdır. Şahbulaq, Şada, Ərəfsə, Yuxarı Buzqov və digər kəndlər hərbçilərin gözü qarşısında müntəzəm olaraq atəşə tutulmuşdur.

     O zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana ögey münasibətini də xatırla-saq, muxtar respublikanın son dərəcə acınacaqlı durumu göz önünə gələr. Məhz belə bir dövrdə – 20 iyul 1990-cı ildə Moskvadan Bakıya, iki gün sonra isə ağır blokada vəziyyətində olan Naxçıvana gələn Heydər Əliyevi xalq böyük coşqu ilə qarşıladı.

     Xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin nicatına çevrilmiş, hamı onun timsalında böyük xilaskarını görmüşdür. 22 iyul 1990-cı il tariximizə böyük bir mərhələnin başlanğıcı kimi daxil olmuşdur. On minlərlə insan muxtar respublikanın şəhər, qəsəbə və kəndlərindən axın-axın Naxçıvan şəhərinə, ulu öndərin ziyarətinə gəlir, ona tükənməz sevgisini bildirirdi. Elə həmin gün Naxçıvan şəhərinin mərkəzi meydanında keçirilən möhtəşəm mitinqdə yüz minə yaxın insanın iştirakı da dahi rəhbərə xalqın  hüdudsuz məhəbbət və inamının təntənəsi idi. Təklənmiş bir adaya bənzəyən Naxçıvan görkəmli şəxsiyyətin gəlişi ilə nicat yoluna çıxdı.

   “Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq ... üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm”, – deyən dahi rəhbər xalqın imdadına çatdı. Naxçıvana gəlişindən az sonra, 1990-cı ilin avqustunda gənclərlə görüşdə ulu öndərin dediyi sözlər onun əsas amalını konkret şəkildə ifadə edirdi: “Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir”.

     1990-cı il sentyabr 30-da keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə ulu öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in xalq deputatı seçdi.

     1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə fəaliyyətə başladı. Həmin sessiyada təkcə Naxçıvan üçün deyil, ümumən, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik taleyüklü qərarlar qəbul olundu. Belə ki, sessiyada ağır blokada şəraitində olan Naxçıvana rəhbərlik edən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində muxtar respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasətinin əsası qoyuldu. Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “sovet” və “sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra olunması son dərəcə yüksək siyasi səriştə və cəsarət istəyirdi ki, Ulu öndər bunu nümayiş etdirdi.

     Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri muxtar respublika ərazisindən çıxarıldı. Prezident İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən demişdir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı.

      O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir”.

     16 dekabr 1991-ci ildə görkəmli dövlət xadimi Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi və 31 dekabrın “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü” kimi qeyd olunması haqqında qərar qəbul etdi. Keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanlarının ləğv olunaraq, milli maraqlara xidmət edən yeni müvafiq qurumun yaradılması, rus qoşun hissələrinin muxtar respublikadan çıxarılması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, idarəetmə strukturlarında ədalətin, demokratiyanın, operativliyin və dinamikliyin təmin olunması, “Hakimiyyət xalq üçündür!” prinsipinə dönmədən əməl edilməsi, aqrar islahatların, özəlləşdirmənin uğurla aparılması, yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, ağır yüklü təyyarələrin qəbulu üçün aeroportun yenidən qurulması, mədəni mühitin dirçəldilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımların atılması... – Sadalamadığımız çox sayda belə böyük tədbirlər məhz bu qısa müddətdə Naxçıvanda yüksək səviyyədə gerçəkləşdirilmişdi. Ölkəmizin ən kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünə aiddir.

     Ayrıca qeyd olunmalıdır ki, həmin illərdə muxtar respublikanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində əsaslı yüksəlişin baş verməsi istiqamətində həyata keçirilən möhtəşəm tədbirlər sistemliliyi və kompleksliyi ilə səciyyələnir. Ulu öndər Naxçıvanı düşdüyü blokada vəziyyətinin çoxşaxəli çətinliklərindən xilas etmək məqsədilə yerli imkanlardan maksimum dərəcədə yararlanmaq üçün ardıcıl tədbirlər işləyib hazırlayır, onları uğurla reallaşdırırdı. Məsələn, ölkədə ilk dəfə olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 6 aprel 1992-ci il tarixdə “Zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında” qərar qəbul etmiş, qısa müddət ərzində muxtar respublikada aqrar islahatlar yüksək səviyyədə aparıldı, yeni mülkiyyət münasibətləri formalaşdırıldı. Azərbaycanın əsas hissəsi ilə əlaqələrin bərpası üçün də müxtəlif vasitələrdən istifadə edilirdi. Hava limanının yenidən qurulması və digər analoji tədbirlər məhz bu məqsədə yönəldilmişdi.

    Taleyin hökmü ilə ağır blokada şəraitində olan Naxçıvana rəhbərlik edən  Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində muxtar respublikanın İran və Türkiyə ilə əlaqələri yaradıldı, Naxçıvanın həyati tələbatlarını ödəmək, kommunikasiya əlaqələrini bərpa etmək üçün protokollar imzalandı. Muxtar respublikaya rəhbərlik etdiyi 1 il 9 ay ərzində Heydər Əliyev əsasını qoyduğu xarici əlaqələr sayəsində bölgəni labüd fəlakətdən xilas etdi. Naxçıvanın о ağır dövründə qurduğu beynəlxalq əlaqələr muxtar respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitəyə çevrildi. 1991-ci il sentyabrın 3-də Ali Məclisin Sədri seçildikdən sonra Naxçıvan – Tür-kiyə münasibətləri yeni mərhələyə qədəm qoydu. "Naxçıvan Türk – İslam dünyasına bir qapıdır" deyən Heydər Əliyev bu istiqamətdə ardıcıl, məqsədyönlü fəaliyyət göstərməyə başladı.

     70 il ərzində bir-birinə həsrət qalan bu dost və qardaş ölkələr arasında ilk gediş-gəliş əlaqələri yaradıldı. 1991-ci il noyabrın əvvəllərində Türkiyə Nəqliyyat Nazirliyinin nümayəndə heyəti muxtar respublikaya səfərə gəldi, səfər zamanı Ali Məclisin Sədri ilə Araz çayı üzərində avtomobil körpüsünün tikilməsi, keçid məntəqəsinin yaradılması haqqında məsələlər müzakirə olundu. Muxtar respublika Nazirlər Kabineti ilə həmin qurum arasında protokol tərtib edildi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müvəqqəti körpü istifadəyə verildikdən sonra Türkiyə hökuməti nümayəndələrinin, iş adamlarının, Naxçıvana səfərləri, muxtar respublikaya göstərilən yardımların həcmi artdı. Bu dövrdə Naxçıvan – Türkiyə əlaqələrinin inkişafında Heydər Əliyevin başçılığı ilə Naxçıvan Muxtar Respublikasının nümayəndə heyətinin qonşu ölkəyə səfərləri xüsusi rol oynadı.

      1992-ci ilin martında Naxçıvanın ictimai siyasi həyatında görünməmiş bir hadisə baş verdi. Türkiyənin о vaxtkı Baş naziri Süleyman Dəmirəlin göndərdiyi şəxsi təyyarə ilə Heydər Əliyevin dost ölkəyə işgüzar səfəri oldu. Səfər zamanı Türkiyə Respublikasının Prezidenti Turqut Özal, Baş nazir Süleyman Dəmirəl ilə görüşlər keçirildi. Görüşlərdə əsas müzakirə edilən məsələ, təbii ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Naxçıvanın düşdüyü ağır vəziyyətlə bağlı idi. Muxtar respublikanın qonşu dövlətlə bütün sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə Türkiyənin Baş naziri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri birgə protokol imzaladılar.

     Protokolda muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərilməsi, muxtar respublikanın zəruri ehtiyaclarını ödəmək üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, tərəflər arasında enerji xətlərinin yaradılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapdı. Sənəddə həmçinin bank işi, turizm, informasiya sahəsində geniş əməkdaşlıq əlaqələrinin yaradılması, muxtar respublikadan olan 100 tələbənin Türkiyədə təhsil alması haqqında razılığa gəldi. Qısa müddət ərzində protokolda nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün konkret işlər görülməyə başlandı. Telekommunikasiya sahəsində muxtar respublikanın ehtiyaclarını ödəmək üçün Türkiyənin "Teletaş" şirkətinin nümayəndələri bölgəyə gəldilər. Qonşu ölkənin Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının Naxçıvana səfəri zamanı böyük miqdarda texniki yardım, gübrə, toxum göndərilməsi haqqında razılıq əldə edildi.

    Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında 1992-ci il mayın 28-də açılmış "Sədərək-Dilucu" körpüsü mühüm mərhələ oldu. Azərbaycan ilə Türkiyə arasında sərhəd keçidi yaratmaq məqsədi ilə Araz çayı üzərində Naxçıvan Muxtar Respublikasının ərazisində Sədərək-Dilucu böl-gəsində Türkiyə Cümhuriyyəti avtomobil nəqliyyatı yolu üçün körpü tikildi. 1992- ci il may ayının 28-də bu körpünün açılışına Baş nazir Süleyman Dəmirəl başda olmaqla Türkiyədən Naxçıvanan böyük dövlət numəyəndə heyəti gəldi. Həmin gün Türkiyə Cümhuriyyətinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının rəhbərliyinin, Araz çayının o tayında, bu tayında toplanmış Naxçıvan və Türkiyənin çoxminlik əhalisinin iştirakı ilə Türkiyə ilə Azərbaycan arasındakı körpünün rəsmi açılışı oldu.

     Beləliklə, iki qardaş xalqın uzun illər həsrətində olduqları arzular yerinə yetmiş, Sədərək-Dilucu “Həsrət körpüsü”, “Ümid körpüsü” yarandı.

    Naxçıvan torpağı həmin gün böyük bayram əhvalruhiyyəsi yaşadı. Naxçıvanın tarixində ilk dəfə olaraq dünyanın ən iri dövlətlərindən birinin – Türkiyənin baş naziri birbaşa bu torpağa qonaq gəldi. Bu münasibətlə hava limanında qarşılanma mərasimi də böyük təntənəyə çevrildi. Həmin qarşılamada bir qədər əvvəl Naxçıvana xüsusi təyyarə ilə gəlmiş Türkiyənin 150 nəfərdən artıq yüksək çinli məmur və yaradıcı ziyalılarından ibarət nümayəndə heyəti iştirak etdi.

   Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü ölkəmizin Türkiyə ilə əlaqələrinin qurulmasında və inkişafında çox mühüm rol oynadı. Təbii ki, bu əlaqələrdə Heydər Əliyev şəxsiyyətinə olan böyük hörmət özünü hər addımda göstərirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin mayında Sədərəyə ermənilərin hücumu ilə əlaqədar Türkiyə hökuməti bəyanat verdi, 1921-ci il Qars müqaviləsinin şərtlərinə əsasən Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin qarantı olduğunu dünyaya bəyan etdi.

     Naxçıvan Muxtar Respublikasının Türkiyənin qonşu və yaxın vilayətləri – Qars, İğdır, Ağrı, Ərzurum, Van ilə də birbaşa əlaqələrinin yaradılması görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Heydər Əliyev Türkiyə səfərlərində bu bölgələrdə də olmuş, həmin vilayətlərin nümayəndə heyətləri dəfələrlə Naxçıvana səfərlər etmiş, kömək və dəstəkləri ilə Naxçıvana əl tutmuşdular.

    Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrliyi dövründə xarici əlaqələrin sıx inkişaf etdirildiyi digər qonşu dövlət isə İran İslam Respublikası idi. Bu əlaqələrə böyük önəm verən Heydər Əliyev İran İslam Respublikasının xarici işlər naziri, doktor Əli Əkbər Vilayətinin dəvəti ilə 1992-ci il avqust ayının 22-dən 26-dək İran İslam Respublikasında rəsmi səfərdə oldu. Səfər zamanı Heydər Əliyev İran İslam Respublikasının rəhbəri Ayətolla Seyid Əli Xameneyi, İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani, İran İslam Respublikası Milli Məclisinin sədri, xarici işlər, yol və nəqliyyat, kooperasiya, energetika, neft və qaz sənayesi və rabitə nazirləri ilə görüşmüş və danışıqlar apardı. Rəsmi danışıqlar nəticəsində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasıarasında müxtəlif sahələrdə Əməkdaşlıq protokolları imzalandı. Protokollarda qarşılıqlı siyasi, iqtisadi, ticarət və mədəni əlaqələrin genişləndirilməsi üçün razılıq əldə edildi.

    Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının xahişi nəzərə alınaraq, muxtar respublikanın qaz ehtiyaclarını təmin etmək məqsədilə Xoy-Culfa magistral qaz kəmərinin tikintisini İran İslam Respublikasının Neft və Qaz Sənayesi Nazirliyi öz üzərinə götürdü. Qaz kəməri tikintisinin bir il müddətində başa çatdırılması və bu kəmər vasitəsilə Culfa sərhəd məntəqəsindən Naxçıvana ildə 360 milyon kubmetr təbii qazın verilməsi razılaşdırıldı. Qaz kəməri istifadəyə verilənədək Naxçıvana ayda 100 ton maye qaz verilməsi barədə razılıq əldə olundu.

    Yükdaşıma sahəsindəki çətinlikləri nəzərə alaraq avtomobillərin Naxçıvan-Bakı və əks istiqamətdə İran İslam Respublikası ərazisindən keçməklə qısa məsafədən Culfa-Xudafərin yolu ilə yüklərin Naxçıvana daşınmasına, Poldəşt-Şahtaxtı kəndi yaxınlığında Araz çayı üzərindəki körpünün tikilməsinə razılıq verildi, Naxçıvan-Bakı-Naxçıvan təyyarə reyslərinin yeni qısa marşrutla Mincivan-Ordubad rayonları arasındakı 50 kilometrlik məsafəni İran İslam Respublikasının hava dəhlizindən istifadə etmək razılığı əldə olundu. Səfər zamanı həmçinin birgə müəssisələrin açılması, ticarət qaydalarının yüngülləşdirilməsi, gömrük siyasətinin liberallaşdırılması, Naxçıvan şəhərində İran İslam Respublikası Baş konsulluğunun açılması qərara alındı.

     Təbii ki, bütün bunlar dahi Heydər Əliyevin böyük nüfuzunun, ona olan hörmətin ifadəsi idi.

     Beləliklə, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə muxtar respublikanın Türkiyə və İran respublikaları ilə və həmin ölkələrin beynəlxalq qurumları ilə də münasibətlərinin əsası qoyulmuşdur. Məhz bu əlaqələr iqtisadi blokadanın ağır məngənələri altında yaşayan Naxçıvanın çətin imtahanlardan uğurla çıxmasına şərait yaratdı.

Aygün HƏMZƏYEVA,

Naxçıvan MR Dövlət Arxiv

idarəsinin aparıcı arxeoqrafı