Dövlət Arxivinin 100 illiyinə həsr olunan açıq qapı günləri təşkil olunub.

Baxış sayı : 56
image

   Bu il Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin fəaliyyətə başlamasından 100 il ötür. Yubiley münasibətilə Arxivdə silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlər çərçivəsində Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri üçün açıq qapı günləri təşkil olunub.

   İyun ayının 10-da 5, 8, 12 və 14 nömrəli tam orta məktəblərin 10-cu sinif şagirdləri üçün Dövlət Arxivinə ekskursiya təşkil edilib. Ekskursiya zamanı şagirdlər "Arxiv fond sənədlərindən istifadə edilməsi və publikasiya" və "İnformasiya, axtarış" şöbələrinin əməkdaşlarının müşayiəti ilə arxivin iş prinsipləri, sənədlərin qəbulu, sistemləşdirilməsi və mühafizəsi prosesi ilə yaxından tanış olublar.

   Mütəxəssislər tərəfindən məktəblilərə mühafizə otaqları barədə ətraflı məlumat verilib, arxiv sənədlərinin tarixi əhəmiyyəti izah olunub və şagirdlərin ünvanladıqları suallar cavablandırılıb.

   Açıq qapı günlərinin keçirilməsində məqsəd məktəblilərdə arxiv işinə, tarix və sənəd irsinə maraq yaratmaq, gənc nəslin bu sahə ilə daha yaxından tanış olmasını təmin etməkdir.