Avqustun 21-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində kollektivdə uzun illər çalışan, peşəkarlığı, zəngin təcrübəsi və yüksək insani keyfiyyətləri ilə həmkarlarının dərin hörmətini qazanan əməkdaşımız Zülfiyə İsmayılovanın 40 ildən artıq davam edən əmək fəaliyyətinə yekun vurularaq təqaüdə yola salınması ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Şahin Əliyarov Zülfiyə İsmayılovaya göstərdiyi uzunmüddətli xidmətə görə təşəkkür edərək ona möhkəm can sağlığı, ailə səadəti və həyatının yeni mərhələsində uğurlar arzulayıb.
İdarənin digər əməkdaşları da çıxış edərək həmkarlarına öz xoş arzularını səsləndiriblər.
Səmərəli fəaliyyətinə görə həmkarımızın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi də məhz onun peşəsinə olan sədaqətinin və xidmətlərinin yüksək qiymətləndirilməsinin göstəricisidir.
Kollektivimiz üçün hər zaman doğma və əziz insan olan həmkarımızın uzun illər ərzində qazandığı zəngin təcrübə, əməksevərlik və işinə məsuliyyətli münasibət gənc əməkdaşlar üçün də nümunə olub.
Əmək fəaliyyətinin başa çatması münasibətilə həmkarımıza təşəkkürümüzü bildirir, ona möhkəm can sağlığı, xoş və firavan ömür arzulayırıq.