Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin aparıcı arxeoqrafı Rəfael Sadiqovun “Naxçıvanın tarixi yaddaşında Kəngərli izi” adlı məqaləsi mətbuatda dərc edilib

Baxış sayı : 8

   Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin aparıcı arxeoqrafı Rəfael Sadiqovun Naxçıvan xanlığının yaranması və inkişafında mühüm rol oynamış, bölgənin siyasi və sosial-mədəni həyatında silinməz izlər qoymuş Kəngərli tayfası haqqında zəngin tarixi və arxiv materialları əsasında hazırladığı “Naxçıvanın tarixi yaddaşında Kəngərli izi” adlı məqaləsi “Yeni fikir” qəzetinin 30 iyun 2026-cı il tarixli, №6 (75) sayında dərc edilib. 

   ​Məqalədə Kəngər tayfasının eramızın IV-V əsrlərindən etibarən Naxçıvan ərazisində məskunlaşma tarixinə, Səfəvilər dövründə mühüm hərbi-siyasi qüvvəyə çevrilməsinə və XVIII əsrdə Heydərqulu xan Kəngərli tərəfindən əsası qoyulmuş müstəqil Naxçıvan xanlığının idarəçiliyindəki müstəsna roluna nəzər salınır. Müəllif arxiv sənədlərinə və tarixi mənbələrə istinad edərək, xanlıq dövründə Kəngərlilərin məşhur qollarını (Yurdçu, Cəmşidli, Xalxallı, Qaraxanbəyli və s.), habelə Naxçıvan və Ordubad şəhərlərinin o zamankı inzibati-ərazi, demoqrafik və məhəllə strukturunu geniş şəkildə işıqlandırıb. 

​   Tədqiqatda Kəngərlilərin müasir coğrafi və memarlıq izlərinə də xüsusi diqqət yetirilib, XVIII əsrin sonlarında I Kalbalı xan Kəngərli tərəfindən inşa etdirilən və Şərq memarlığının nadir incilərindən sayılan Naxçıvan Xan Sarayı, eləcə də bölgədə qorunub saxlanılan digər tarixi-memarlıq abidələri şəhərsalma mədəniyyəti müstəvisində təhlil olunub. Müəllif qeyd edir ki, Naxçıvanın tarixi yaddaşında yaşayan bu zəngin irsin öyrənilməsi bütövlükdə Azərbaycan dövlətçilik tarixinin təbliği baxımından böyük əhəmiyyət daşıyır.

     Məqalənin tam mətni ilə Buradan (səhifə 8, 9) tanış ola bilərsiniz.