Noyabrın 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə İdarənin, Dövlət Arxivinin əməkdaşları və rayon dövlət arxivinin müdirləri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov Qələbənin ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Zəfər Günü Azərbaycan Tarixinin ən parlaq və qürurverici səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı azad etməklə xalqımıza qürur, sevinc və inam bəxş etdi. M.Məmmədov qeyd edib ki, bu gün Qarabağ yeni dövrünü yaşayır, cənab Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir, müxtəlif beynəlxalq tədbirlər təşkil edilir.
Tədbirdə Kəngərli Rayon Dövlət Arxivinin müdiri Nilufər Ağayeva, Dövlət arxivinin əməkdaşları Ləman Dünyamalıyeva, Ayşən Nəcəfova 8 Noyabr-Zəfər Günü ilə bağlı ətraflı çıxış ediblər.
Tədbirin sonunda “44 Günlük Zəfər Tarixi” adlı videoçarx nümayiş olunub.