Şahtaxtinskilərin diplomat oğlu

Baxış sayı : 22
image

Qədim Şahtaxtı kəndi məşhur Şahtaxtinskilərin ata mülkü olub. Bu kəndi miras kimi nəsildən-nəslə ötürülüb. Onlar hər zaman öz ata-baba yurdları ilə öyünüblər. Bu fakt da fikrimizi təsdiqləyir ki, bir dəfə Şahtaxtinskilərin ağsaqqalı Hacı Vəli ağa İrəvan qubernatoruna qürurla deyib: “Bizim təzə familiya qəbul etməyə ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki, Şahtaxtılı familiyasını daşıyırıq”. Şahtaxtinskilər Rusiya imperiyasının, Avropanın harasında yaşasalar da, öz doğma yurdlarını heç vaxt unutmayıblar, Şahtaxtı kəndi ilə daim əlaqələri olub.

Təəssüf ki, onların nəsil şəcərələri az öyrənilib. Sənədlərdə bu nəslin adı Ağacıq kimi də qeyd olunub. Məsələn, I İsa Sultan Ağacıq, Əli bəy Ağacıq və s. Son illərə qədər Şahtaxtı kəndində onların malikanələri yerləşən əraziyə də “Ağalıq” deyirdilər. Elə indi də yaşlılar oranı bu cür adlandırırlar. Ehtimal var ki, bu söz “Ağacığ”ın təhrif olunmuş variantıdır. Çünki 1840–1859-cu illərdə İrəvan bəy komissiyasında onlar ulu babalarının adının Ağacır ağa kimi qeyd ediblər.

Əlimizdə olan sənədlərə görə, I İsa Sultan Şah Sultanın oğludur. Və bu gün 200 ildən artıqdır ki, dünyada tanınan Şahtaxtinskilər I İsa Sultanın törəmələridir. II İsa Sultan Nəcəfqulu Sultan oğlu isə onun nəvəsidir. II İsa Sultanın həyatı və şəxsiyyəti, eləcə də fəaliyyəti nəsillərə bir nümunədir. O, bütün həyatını imperiya əsarətinə qarşı mübarizəyə həsr edib. Şahtaxtinskilər əsasən Şahtaxtı, Naxçıvan, İrəvan və Tiflisdə yaşayıblar. Kəngərlilər yaşayan kəndlərinin bir neçəsində – Cəhridə, Xəlillidə, Yəmxanada, Tumbulda və Yurdçuda da onların çox böyük torpaq sahələri var idi. Yüksək təbəqəyə aid olsalar da, həmişə sadə xalqla bir olublar. Övladlarını sadə xalqın içərisində böyüdüb tərbiyə ediblər.

Zaman keçdikcə bu soyun xidmətləri, xalq və dövlət naminə fədakarlıqları aşkarlanır. XIX və XX yüzilliklərdə Şahtaxtinskilərin Azərbaycan xalqının elminə, mədəniyyətinə çox dəyərli şəxsiyyətlər bəxş edən məşhur nümayəndələri olub. Bu soyun məşhur nümayəndələrinin bəzilərini xatırlatmaq yerinə düşər: İsa Sultan Şahtaxtinski, Məmmədağa Şahtaxtinski, Behbud ağa Şahtaxtinski, Əbülfət Şahtaxtinski, Baxşəli ağa Şahtaxtinski, Həmid bəy Şahtaxtinski, Həbibulla Şahtaxtinski, Elmira xanım Şahtaxtinskaya, Toğrul Şahtaxtinski, Məhəmməd Şahtaxtinski, Aleksis Şahtaxtinski, xaricdə təhsil almış ilk azərbaycanlı qadın Leyla Şahtaxtinskaya, ilk azərbaycanlı qadın həkim-ginekoloq və elmlər doktoru Adilə Şahtaxtinskaya və başqaları.

Kitablar və arxiv sənədləri göstərir ki, XX yüzillikdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri də Behbud ağa Şahtaxtinski olub. O, 1881-ci ildə Şərur-Dərələyəz qəzasının Şahtaxtı kəndində yoxsullaşmış bəy ailəsində doğulmuş, dördsinifli kənd məktəbini bitirdikdən sonra çörək pulu qazanmaq üçün Bakıya gəlmiş və Bakı fəhlə sinfinin tərkibinə daxil olaraq Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynamışdır. XX əsrin ilk illərində Bakıda keçirilən siyasi tətil və nümayişlər bir inqilabçı demokrat kimi Behbud ağa Şahtaxtinskini çox düşündürmüş və onun proletar sinfi şüurunun, siyasi tərbiyəsinin, döyüş təcrübəsinin və inqilabi fəallığının artmasına güclü təsir etməklə sonrakı fəaliyyətində böyük rol oynamışdı.

Behbud ağa Şahtaxtinski Birinci Rus inqilabi dövründə (1905–1907) Bakı dəftərxana işçi birliyinin yaranmasında fəal iştirak etmiş, dövlət idarə işçiləri birliyinin üzvü olmaqla bərabər, şəxsi yolla təhsilini artıraraq hüquq müdafiəçisi kimi formalaşmışdır. 1904-cü ilin sonunda “Hümmət” qrupunun fəal üzvlərindən biri olmuş və Azərbaycan dilində eyni adlı ilk fəhlə qəzetinin ideyaları uğrunda çalışaraq artıq peşəkar inqilabçı kimi yetişmişdir. 1905-ci ildə “Hümmət” bağlandıqdan sonra Behbud ağa bir müddət “Balaban” jurnalının redaktoru olmuş, müxtəlif mövzularda publisistik məqalələrlə dövrü mətbuatda çıxış etmişdir. 1917-ci il fevral burjua-demokratik inqilabından sonra N.Nərmanovun başçılığı ilə “Hümmət” təşkilatı yenidən fəaliyyətini genişləndirdikdə Behbud ağa Şahtaxtinski təşkilatın rəhbər heyətinə və qəzetin redaksiya heyətinin tərkibinə daxil olmuşdur.

Behbud ağa Şahtaxtinski 1918-ci ildə kütlələr arasında öz fəaliyyətini daha da genişləndirdiyinə görə “Hümmət” təşkilatı sədrinin müavini, daha sonra isə N.Nərimanov xəstəliyinə görə Həştərxana getdiyindən yeni heyətin iclasında təşkilatın sədri seçilmişdir. O, “Hümmət” təşkilatının sədri işləməklə yanaşı, Fövqəladə Komissiyada məsul vəzifə tutmuş və Azərbaycanda hakimiyyət orqanlarının möhkəmləndirilməsi uğrunda mübarizə aparmışdır.

Behbud ağanın bütün siyasi, diplomatik və publistik fəaliyyətindən azərbaycançılıq qırmızı xətlə keçir. Siyasi publisistikanın ən yaxşı nümunələrini yaradan Behbud ağa Şahtaxtinski ictimai-siyasi təsir vasitəsi kimi mətbuatın rolunu düzgün qiymətləndirmiş, milləti oyatmaq, milli-mənəvi yaddaşı bərpa etmək üçün publisistik fəaliyyətdən bir vasitə kimi faydalanmışdır. O, 1918-ci ildə “Azərbaycan”da dərc etdirdiyi “Həyatın əks sədaları” məqaləsində milli mədəniyyətin inkişaf etdirilməsinin nə üçün vacib olduğunu əsaslandıraraq yazmışdır: “Özünəməxsus mədəniyyətə malik olmadan, millət müstəqil ola bilməz”.

Eyni zamanda Behbud ağa Şahtaxtinski 1918-ci ilin mayında Bakı qəzası kəndli deputatları sovetlərinin qurultayında 15 nəfərdən ibarət İcraiyyə Komitəsinin heyətinə daxil edilmiş və şəxsən kəndlərdə yaranan hakimiyyət orqanlarının işinin düzgün təşkilinə ciddi səy göstərərək, kəndli sovetlərinin canlanıb qüvvətlənməsində yaxından iştirak etmişdir. 1918-ci ilin avqust-sentyabr aylarında Bakıda “Sentrokaspi diktaturası” hakimiyyət uğrunda mübarizə apararkən Bakını müdafi edən Behbud ağa Şahtaxtinski həbs olunmuş, bir neçə vaxtdan sonra Bakıdan Gəncəyə göndərilmiş və 3 ay həbsdə qaldıqdan sonra azad olunub Naxçıvana gəlmişdir.

Behbud ağa Şahtaxtinski Naxçıvanda inqilabi hərəkata qoşulmuş, öz ətrafında yerli hümmətçiləri, demokratları toplayaraq hərəkatı canlandırmış, hərbi feodal və daşnak irticasına qarşı kəskin mübarizə aparmaqla əhalinin maddi təchizatı və təhlükəsizliyinin qorunmasına köməklik göstərmişdir. O, 1920-ci ilin iyun ayınadək Naxçıvanda ictimai təminat, mühacirlərə kömək komissiyasında, sahibsiz uşaqlar evinin direktoru vəzifəsində çalışmış və ən nəhayət, Qaçqınlar Komitəsinin sədri kimi Ermənistandan didərgin düşmüş soydaşlarımızın yerləşdirilməsində, onların torpaq sahəsi, ərzaq və s.-lə təmin olunmasında əvəzsiz xidmətləri olmuşdur.

1920-ci ilin aprel ayında Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra N.Nərimanovun şəxsən inandığı və onun yaxın silahdaşı olan Behbud ağa Şahtaxtinski Azərbaycan Xalq Ədliyyə Komissarı, həmin il iyulun 15-də isə Azərbaycan SSR-in RSFSR-də ilk fövqəladə və səlahiyyətli nümayəndəsi təyin edilmişdir. Bu vəzifələrdə qısa müddət işləməsinə baxmayaraq, üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirmiş və Azərbaycanın, o cümlədən Naxçıvanın taleyüklü məsələlərini həll edərək, 1920-ci il sentyabrın 30-da Moskvada “Hərbi və iqtisadi ittifaq haqqında” RSFSR ilə Azərbaycan SSR arasında bağlanmış müqaviləni imzalamış, 1921-ci il martın 16-da bağlanmış “Dostluq və Qardaşlıq haqqında” RSFSR–Türkiyə müqaviləsində Azərbaycanı təmsil etmişdir.

1921-ci ilin yanvarında Naxçıvanın ağır vəziyyətini nəzərə alan AK(b)P MK-nın Bürosu B.Şahtaxtinskini Naxçıvana komissar göndərməyi qərara almışdır. Naxçıvanın ictimai-siyasi vəziyyətinə yaxından bələd olan Behbud ağa vəziyyəti normal hala salmaq üçün çox çalışmış, məcburən bir sıra sərt tədbirlər həyata keçirmiş, hətta bəzi komissarların vəzifədən azad edilərək partiya sıralarından uzaqlaşdırılmasına nail olmuşdur. Naxçıvanda xalqın vəziyyətini kökündən öyrənib araşdırdıqdan sonra 1921-ci il aprelin 19-da Azərbaycan İnqilab Komitəsinin iclasında “Naxçıvanın siyasi və iqtisadi vəziyyəti haqqında” məruzə etmişdir.

Behbud ağa Şahtaxtinski 1921-ci il aprelin 23-də Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurası üzrə verilən əmrlə Naxçıvan SSR Fövqəladə komissarı təyin edilmiş və həm də Naxçıvan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri seçilmişdir. Bu vəzifəyə təyin edildiyi zaman Naxçıvanda dəhşətli quraqlığın baş verməsi, bu səbəbdən onsuz da çətin olan vəziyyətin daha da ağırlaşmasına baxmayaraq, Behbud ağa Şahtaxtinskinin yüksək təşkilatçılıq bacarığı sayəsində əhalinin və bölgəyə gəlmiş qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Bunun üçün, hətta xarici ölkələrin, beynəlxalq təşkilatların yardımından da istifadə edilmiş, digər yerlərdən Naxçıvana taxıl və müxtəlif ərzaq məhsulları gətirilmişdir. Bütün bu tədbirlərin sayəsində Naxçıvan əhalisi və orada yerləşdirilən qaçqınlar qismən də olsa, çətinliklərdən və məhv olmaqdan xilas olmuşdur.

Behbud ağa Şahtaxtinski yüksək vəzifədə işləyərkən əsas qüvvəsini Naxçıvanın statusunun müəyyən edilməsinə və Naxçıvanda idarə orqanlarını təşkil etmək, möhkəmləndirmək işinə sərf etmişdir. Eyni zamanda, B.Şahtaxtinskinin AK(b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Azərbaycanın SSR-in Qars konfransında səlahiyyətli nümayəndəsi təyin edilməsi Naxçıvanın taleyinin həll olunması üçün daha geniş imkanlar açmış və konfransda Naxçıvana muxtariyyət statusu verilməsi, onun sərhədlərinin dəqiqləşdirilməsi haqqında qərar qəbul edilmişdir.

Xalqımızın tarixi taleyində çox mühüm rol oynamış Moskva və Qars beynəlxalq müqavilələrinin imzalanmasında göstərdiyi vətənpərvərlik və siyasi uzaqgörənlik onun adını Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bir sırada qoymağa tamamilə əsas verir. Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir.

Ümummili liderimiz Heydər Əliyev beynəlxalq Qars müqaviləsinin və onun müəlliflərindən biri olan Behbud ağa Şahtaxtinskinin tariximizdəki yerini və rolunu yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir... Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalıdırlar və tariximizə daxil olmalıdırlar. Qars müqaviləsinin altında Behbud ağa Şahtaxtinskinin imzası vardır”.

Behbud ağa Şahtaxtinski 1921-ci ilin noyabrında Ölkə Partiya Təşkilatının birinci konfransında Azərbaycan SSR Xalq FKM komissarı və Xalq Komissarları Soveti sədrinin müavini, 1923-cü ildə isə Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvü seçilmiş və ömrünün son günlərinədək Azərbaycanın milli mənafeyinin keşiyində durmuşdur.

Bəli, mürəkkəb və çətin bir dövrdə yaşayıb fəaliyyət göstərən Behbud ağa Şahtaxtinski belə bir ibrətamiz bir həyat yolu keçmişdir. O, 30 may 1924-cü ildə Tiflisdə müəmmalı şəkildə vəfat etmişdir.                                                                                         

                                                                                                              Aygün HƏMZƏYEVA,
Naxçıvan MR Dövlət Arxiv İdarəsinin aparıcı arxeoqrafı