Tədbirdə Dövlət Arxiv İdarəsinin əməkdaşları, rayon dövlət arxivlərinin müdirləri, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov bildirib ki, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı muxtariyyətin Azərbaycan dövlətçiliyində oynadığı rola verilən yüksək qiymətdir. M.Məmmədov çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik Naxçıvanın keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan, Moskva və Qars, həmçinin Ulu Öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri işlədiyi zaman Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında bağlanmış müqavilələrin əhəmiyyətindən bəhs edərək, bu müqavilələrin Naxçıvanın iqtisadiyyatı, sərhədlərinin təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdirləri Zülfiyə İsmayılovanın, Günel Hüseynovanın, Şahbuz Rayon Dövlət Arxivinin müdiri Elcan Əlizadənin, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, yeni və ən yeni tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin, İnstitutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun çıxışları dinlənilib.