TARİX

Baxış sayı: 253

        XX əsrin 20-ci illərinə qədər istər Azərbaycan, istərsə də Naxçıvanda dövlət tərəfindən yaradılan arxivlər olmamışdır. Ölkəmizdə     arxiv işinin dövlət səviyyəsində təşkilinə 1920-ci ilin dekabrından başlanmışdır. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman   Nərimanov “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında”   dekret imzalamışdır.Həmin dekreti əldə rəhbər tutan Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi 1925-ci il dekabr ayının 13-də   “Naxçıvan MSSR-də Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” qərar qəbul etmişdir.

            1930-cu ildə Azərbaycanda arxiv orqanlarının yenidən təşkili ilə əlaqədar Naxçıvanda Mərkəzi Arxiv İdarəsi yaranmışdır ki, onun da tərkib hissəsi Naxçıvan şəhərində respublika dövlət arxivi olmuşdur.1941-ci ildə o, Naxçıvan MR Mərkəzi Dövlət Arxivi adlanmışdır. Lakin 1960-cı ilə qədər arxiv idarəsi və mərkəzi dövlət arxivi Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının tabeliyində olduğundan arxivlər qapalı təşkilatlar olmuşdur. Bu da onlarda elmi-tədqiqat işlərinin aparılmasına və arxiv sənədlərindən istifadəyə əngəllər törədirdi. Ötən əsrin 60-cı illərində ittifaqın başqa respublikalarında olduğu kimi, muxtar respublikamızda da arxiv təşkilatı Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Naxçıvan MSSR Nazirlər Sovetinin tabeliyinə verildi.Bundan sonra arxiv işinə  və arxiv sənədlərindən istifadə məsələlərinə diqqət artırıldı.

            1928-1930-cu illər arasında muxtar respublikamızın rayonlarında da dövlət arxivləri yaradılmağa başlandı. İlk dəfə Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarında, 1979-cu ildə Babək rayonunun yaranması ilə Babək rayonunda, 1990-cı ildə Sədərək rayonunda və 2004-cü ildə Kəngərli rayonunun yaranması ilə Kəngərli rayonunda dövlət arxivləri təşkil olunmuşdur. XX əsrin 90-cı illərində Azərbaycanda digər sahələr kimi, arxiv işi də diqqətdən kənarda qalmış, bu sahənin inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əsaslı tədbirlər həyata keçirilməmişdir. Ölkəmizdə arxiv işinin də inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra arxiv işi sahəsində də suveren dövlətə məxsus yeni qanunlar və normativ aktlar qəbul olunmuşdur.

            1999-cu ilin iyun ayında Azərbaycan Respublikasının Milli Məclisi “Milli Arxiv fondu haqqında” qanun qəbul etmişdir. 1999-cu il iyul ayının 27-də isə Azərbaycan Respublikasının Prezidenti “Milli Arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərman imzalamışdır. “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli Fərmanı ölkəmizdə arxiv işi və onun inkişafı ilə bağlı bütün məsələləri əhatə etmiş, bu sahənin strategiyasının başlıca istiqamətlərini müəyyənləşdirmişdir.  Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" fərmanına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2002-ci il 6 dekabr tarixli fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Arxiv İdarəsinin bazasında Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi yaradılmışdır.

        Bu gün muxtar respublikada arxiv işinin təşkilinə xüsusi diqqət yetirilir.  Tarixi keçmişimizi özündə yaşadan arxiv sənədlərinin qorunması və saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir   Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 2012-ci ildə istifadəyə verilən yeni binası bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.  Müasir tələblər səviyyəsində yenidən qurulan binada Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi və Dövlət Arxivinin səmərəli fəaliyyəti üçün yüksək iş şəraiti yaradılmış, sənədlər mühafizə edilən anbarlar dünyanın aparıcı ölkələrində istifadə olunan arxiv avadanlıqları, yanğını xüsusi qazla söndürməyə imkan verən müasir yanğınəleyhinə sistemlər ilə təchiz edilmiş, müasir tipli təhlükəsizlik kameraları quraşdırılmışdır.

            Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 3 iyun tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi adlandırılmışdır. 2016-cı il iyul ayının 28-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən  “Naxçıvan Muxtar Respublikası Dovlət Arxiv İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalanmışdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi haqqında Əsasnamə, habelə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin strukturu təsdiq edilmişdir.

            Təsdiq edilmiş struktura əsasən dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan elmi, tarixi, iqtisadi, siyasi, sosial-hüquq və mədəni dəyəri olan sənədlərin daimi dövlət mühafizəsi üçün Muxtar Respublika Dövlət Arxivinə qəbulu işini həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin tərkibində Naxçıvan Şəhər Dövlət Arxivi yaradılmışdır.

            Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin tabeliyində bir muxtar respublika dövlət arxivi, bir şəhər və 7 rayon dövlət arxivi fəaliyyət göstərir.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin qısa tarixi

 

            Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində 803 fondda (bunlardan  710-u idarə və təşkilatlardan daxil olan sənədlər, 37-i şəxsi mənşəli fond, Naxçıvanda sovet hakimiyyəti qurulana qədərki dövrü əhatə edən 33 fond, Naxçıvan keçmiş vilayət, rayon partiya və komsomol komitələrinin 23 fondu ) 388 min 119 kağız əsaslı sənəd, 74 min 91 foto, 4 min 79 kino, 2 min 125 şəxsi mənşəli sənədlər qorunub saxlanılır.

       Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi 1925-ci il 13 dekabr Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə yaradılmışdır. 1930-cu ildə Azərbaycan arxiv orqanlarının yenidən təşkili ilə əlaqədar Naxçıvanda Mərkəzi Arxiv İdarəsi fəaliyyətə başlamışdır ki, onun da tərkib hissəsi Naxçıvan şəhərində Muxtar Respublika Dövlət Arxivi olmuşdur. 1941-ci ildən isə o, Naxçıvan MR Mərkəzi Dövlət Arxivi adlandırılmışdır.

             Naxçıvan MR Dövlət Arxivində əsasən XIX əsrin əvvəllərindən, yəni 1831-ci ildən başlayaraq bu günədək olan tarixi özündə əks etdirən qiymətli sənədlər vardır. XIX və XX əsrin əvvəllərinə aid sənədlər içərisində İrəvan quberniya idarəsinin, İrəvan quberniya və Qars vilayəti torpaq və əmlak idarələrinin, hərbi mükəlləfiyyətlərin , şəhər və kənd işləri üzrə idarələrin, Naxçıvan və Şərur-Dərələyəz polis idarələrinin, Naxçıvan notariatının, müvəqqəti hökumətin İrəvan komissarlığının, Culfa və Şahtaxtı gömrükxanalarının, Qıvraq, Təzəkənd, Cananab, Cəhri, Şahtaxtı kredit cəmiyyətlərinin, Naxçıvan şəhər xəzinədarlığının arxivdə saxlanılan XIX əsr – XX əsrin əvvəllərini əhatə edən fondlarında kəndli ixtişaşlarından və üsyanlarından, dövlət vergilərini toplamaq üçün kürd kəndlilərinin axtarılmasından, dəyirmanlardan, sudan, otlaqlardan istifadə etməyə icazə verilməsi haqqında kəndlilərin müraciətlərindən, kəndli torpaqlarının bəylər tərəfindən zorla ələ keçirilməsindən, kəndlilərin üzərinə müxtəlif vergi və mükəlləfiyyətlərin qoyulmasından, gömrük, pul-kredit əməliyyatlarından bəhs edən xeyli sənədlər vardır.

      Həmçinin arxivdə Naxçıvan Muxtar Respublikasının yaradılması, sərhədlərin möhkəmləndirilməsi, torpaqların, o cümlədən vəqf torpaqlarının müsadirə edilməsini əks etdirən sənədlər də vardır.

     Naxçıvan MR MİK-nin, Ali Sovetinin, Xalq Komissarları sovetinin (Nazirlər Sovetinin), qəza, rayon icraiyyə komitələrinin və s. fondlarında təsərrüfatın bərpası, fabrik və zavodların tikilməsi, kənd təsərrüfatının kollektivləşdirilməsi, müəssisələrin istehsal göstəriciləri öz əksini tapmışdır.

     Dövlət plan komitəsinin, sənaye sahələri üzrə xalq komissarlıqları, nazirliklərin fondlarındakı sənədlər yerli sənayenin vəziyyətini işıqlandırır. Həmin sənədlər Naxçıvanın təbii sərvətlərinin öyrənilməsini, duz mədənlərinin işlədilməsini, faydalı qazıntıların çıxarılmasını, respublikanın elektrikləşdirilməsini, yüngül və yeyinti sənayesinin inkişafını xarakterizə edir. Culfa dağ-mədən kombinatı, Şərur pambıq təmizləmə zavodu, Ordubad ipək fabriki və başqa sənaye obyektlərinin fəaliyyəti, həmçinin meyvə-konserv, süd, pendir zavodları kimi yeyinti sənayesi müəssisələrinin tikintisi haqqında maraqlı materiallar var.

      Respublikanın şəhər və qəsəbələrinin inkişafı və abadlaşdırılması, mənzil-kommunal tikintisi haqqında Naxçıvan Muxtar Respublikası Kommunal təsərrüfatı nazirliyinin, rayon və şəhər kommunal təsərrüfatı şöbələrinin, trestlərin, tikinti təşkilatlarının və digər idarələrin sənədlərində öz əksini tapmışdır.

      Xalq təhsili və səhiyyənin inkişafı, əhali arasında mədəni-maarif işlərinin aparılması, insanların maddi və mədəni səviyyəsinin yüksəldilməsi, bədən tərbiyəsi və idmanın inkişafı maarif və səhiyyə nazirliklərinin, yerli maarif və səhiyyə orqanlarının, təhsil müəssisələrinin, həmkarlar ittifaqlarının respublika şurasının və onun sahə komitələrinin və digər idarələrin fondlarında cəmləşdirilmiş sənədlərdə öz əksini tapmışdır. Həmin fondlarda savadsızlığın ləğv edilməsi, təhsil müəssisələrinin açılması, milli kadrların hazırlanması barədə də məlumatlar vardır.

     Sənaye müəssisələrinin, kolxoz və sovxozların, MTS-in materialları İkinci Dünya müharibəsi illərində Naxçıvanın fəhlə, kəndli və ziyalılarının fədakar əməyindən bəhs edir.

     İkinci Dünya müharibəsindən sonrakı illərdə, xüsusilə keçən əsrin 70-80-cı illərində Muxtar Respublikada sənayenin, kənd təsərrüfatının, elm və mədəniyyətin surətli inkişafı, əhalinin maddi və mənəvi səviyyəsinin yüksəlməsi və s. məsələlər keçmiş Naxçıvan Vilayət Partiya Komitəsinin, rayon partiya komitələrinin, Muxtar Respublika Ali Soveti Rəyasət Heyətinin, Nazirlər Sovetinin, nazirlik, idarə və müəssisələrin, kolxoz və sovxozların fondlarındakı sənədlərdə özünün geniş əksini tapmışdır.

     Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində pedaqoji elmlər doktoru İbrahim Mollayevin, şair-dramaturq Hüseyn Razinin, tarix elmləri namizədi Əli Əliyevin, şair Müzəffər Nəsirlinin, Həsən Fətullayevin, Kəmalə Ağayevanın, Elman Həbibin, filologiya elmləri doktoru, professor Yavuz Axundovun, Xalq artistləri Əyyub Haqverdiyevin, İsa Musayevin, Böyük Vətən müharibəsi iştirakçısı Qara Fərzəliyevin və digər elm, maarif, mədəniyyət xadimlərinin şəxsi mənşəli fondları mühafizə edilir. Arxivin kinofoto sənədləri Naxçıvanda yenidənqurma işlərinin vüsətini, savadsızlığın ləğvini, sənaye obyektlərinin, yolların tikilməsini, şəhər, qəsəbə və kəndlərin inkişafını işıqlandırır.