Dövlət Arxiv İdarəsində tədbir keçirilib

Baxış sayı : 66
image

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində arxivin əməkdaşlarının və rayon dövlət arxivlərinin müdirlərinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentlik dövrünün 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov bildirib ki, 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respblikasının Prezidenti seçildi və xalqımız bununla Heydər Əliyevin siyasi kursuna səs verdi. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı. Onun yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.

Vurğulanıb ki, əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Son 20 ilin uğurları, tarixə yazdığı möhtəşəm qələbələri deməyə əsas verir ki, dövlətimizin başçısı qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında “Güclü dövlət" konsepsiyasını reallaşdırmağa nail olmuşdur. Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan alternativsiz Liderdir.

Məruzə ətrafında çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın bu günü və sabahı naminə həyata keçirdiyi mühüm işlərdən danışılıb.