Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində tədbir keçirilib

Baxış sayı : 75
image

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində keçirilən tədbiri idarənin rəisi Mehman Məmmədov açıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdiri Zülfiyyə İsmayılova “Heydər Əliyev və dövlət arxiv quruculuğu” mövzusunda çıxış edərək bildirib ki, ölkəmizdə arxiv işinin dövlət səviyyəsində təşkilinə 1920-ci ilindən başlanılıb.  Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi isə 1925-ci il dekabrın 13-də “Naxçıvan MSSR-də Mərkəzi Dövlət arxivinin yaradılması” haqqında qərar qəbul edib. 1928-30-cu illər arasında muxtar respublikamızın rayonlarında da dövlət arxivlərinin yaradılmasına başlanılıb. Dövlət arxivlərinə əsl qayğı isə Ümummillli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi ilə başlanıb. Həmin dövrdən başlayaraq arxivlərin maddi-texniki bazası möhkəmləndirilib, arxiv idarələri ixtisaslı kadrlarla təmin olunub. Müstəqilliyimizin bərpasından sonra isə 1999-cu ilin iyul ayının 27-də Azərbaycan Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyev tərəfindən “Milli Arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalanıb. 5 fəsil, 23 maddədən ibarət olan qanun Azərbaycan Respublikasında milli arxiv fondunun formalaşması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir. Qanunda ilk dəfə olaraq arxiv işi sahəsində dövlətin vəzifələri çox aydın şəkildə müəyyən edilib. Mənəvi sərvətimizin böyük hamisi Heydər Əliyev tərəfindən imzalanmış bu qanun və fərman ölkəmizdə arxiv işi və onun inkişafı ilə bağlı bütün məsələləri əhatə edir, onun strategiyasını, gələcək işəriin başlıca istiqamətlərini müəyyənləşdirir.  “Azərbaycan Respublikasında Arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli Fərmanı isə arxiv işinə verilən ən böyük töhfədir. Həmin fərmanda bu xidmət təşkilatlarının maddi-texniki bazasının təkmilləşdirilməsi və təchizatının yaxşılaşdırılması, arxivlərin lazımi binalarla təmin olunması, mövcud binalarda təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və sair kimi qarşıya mühüm vəzifələr qoyulub və müvəffəqiyyətlə həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi də 2012-ci ildən tam əsaslı şəkildə təmir olunub müasir avadanlıqlarla təchiz olunmuş binada fəaliyyət göstərir.

Dövlət Arxivinin aparıcı arxeoqrafı Aygün Həmzəyeva “Heydər Əliyev və Naxçıvan Pedaqoji Texnikumu” mövzusunda bildirib ki, Heydər Əlirza oğlu Əliyevin uşaqlıq və gənclik illəri Naxçıvanla bağlıdır. O, Naxçıvan şəhər natamam orta məktəbi bitirdikdən sonra müəllim kadrlarının hazırlanmasında müstəsna xidməti olmuş Naxçıvan Pedaqoji Texnikumuna daxil olub. Bu texnikuma hazırlıq şöbəsi ilə birlikdə 170 nəfər tələbə qəbul edilib. Bunlardan 30 nəfəri hazırlıq şöbəsinə və 140 nəfər tələbə A, B, C və D qruplarına bölünüb. Ulu Öndərimiz “C” qrupunda oxuyub.

Diqqətə çatdırılıb ki, bu texnikuma yeddinci sinifi bitirmiş şagirdlər qəbul olunurdu və bunlardan biri də Heydər Əliyev olub. Buraxılış sinifi müdavimlərinin 1939-cu ilin may-iyun ayları keçirilmiş imtahanlarının  protokolları  bizim  üçün  olduqca  dəyərli  mənbələridir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin fondunda mühafizə edilən imtahan protokollarında gənc Heydərin aldığı əla qiymətlər onun təhsili ilə yanaşı, oxuduğu texnikumda da necə nüfuz və hörmət  qazandığını  aydın  şəkildə  nümayiş  etdirməkdədir.

Vurğulanıb ki, 1938-1939-cu tədris ilində Naxçıvan Pedaqoji Texnikumundan 92 müdavimlə birlikdə məzun olan gənc Heydər Əliyev buraxılış imtahanlarını müvəffəqiyyətlə verir və digər imtahanlarda olduğu kimi məzun qiymət cədvəlini də ancaq əla qiymətlər bəzəyir. Və 1939-cu il iyunun 25-də Heydər Əliyev Naxçıvan şəhər Beynəlmiləl Pedaqoji Məktəbini uğurla bitirməsi haqqında 2027 nömrəli attestat alıb. Texnikumda tədris olunan 30 fənnin hamısında eyni qiymət yazılıb: “əla”. Bu sənədə əsasən ona ibtidai, natamam orta və orta məktəbin I-IV siniflərində dərs demək hüququ verilirdi.

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin şöbə müdiri Günel Hüseynova “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü” mövzusunda çıxış edərək bildirib ki, ötən əsrin 90-cı illərində Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdan Ümummilli Lider Heydər Əliyev 1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərib. Məhz həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində milli dövlət atributlarının bərpa olunması haqqında qərarlar qəbul olunub, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin formalaşdırılmasına başlanılıb. Eyni zamanda muxtar respublikada ilk milli ordu birləşmələri yaradılıb.

Qeyd olunub ki, Ümummilli Liderimizin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilib.

Tədbirə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov yekun vurub.